Qanlı Yanvar hadisələrindən 28 il keçir. …

Qanlı Yanvar hadisələrindən 28 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 28 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bütün şəhidlik zirvəsinə ucalan hər bir Azərbaycan övladının ailəsinə və yaxınlarına, bütün Azərbaycan xalqına, həmçinin Azərbaycanın hüdudlarında yaşayan lakin ürəyi bizimlə döyünən hər bir həmyerlimizə dərin başsağlığımızı bildiririk.
20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür. Xalq həmin gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbçilərinin qorxunc qaragüruhuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir. Qələbə əzmini itirməyək, yaxın zamanda inşallah əzəli Azərbaycan torpaqlarını düşmən əlindən ala biləcək güclü ordumuz və ali komandanımızın güclü siyasəti var və xoş günlər hər bir Azərbaycan vətəndaşına nəsib olacaq.

Read article